Search…

    Saved Articles

    You have not yet added any article to your bookmarks.

    Browse

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policy, and Terms of Service.

    Tərəvəz məhsulları niyə bahalaşıb? - Səbəblər

    20 hours ago

    Xəbər verdiyimiz kimi, ölkədə soğanın qiyməti artıb. Son bir həftədir ki, bazarlarda soğan alıcılara 1.20 -1.60 satılır. “Hövsan soğanı”na isə yaxın durulası deyil - 7.99 AZN. Qiymət artımına səbəb kimi bazarda yerli məhsulun az olması və idxalın azalması göstərilir. Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, hazırda satışa anbarlardan gələn soğan çıxarılır. Onun fikrincə, tərəvəz məhsullarının yeni məhsul yığımı ərəfəsində bahalaşması normaldır: "Sahibkar yığıb saxlayır, xərc çəkir. Risk edir. Sonra da riski qazanca çevirmək istəyirlər. Bazara çıxarılan soğanın həcmi azaldığı üçün qiymətlər daha da arta bilər”. İqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, hazırda ölkədə kartof, soğan, eləcə də bir sıra meyvə və tərəvəzlərin bahalaşmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri mövsümlə əlaqədardır. Belə ki, yeni məhsullar hələ tam şəkildə bazara çıxmayıb: “Eyni zamanda, bu dövrdə Azərbaycandan, xüsusilə də kartof və soğan kimi məhsulların ixracı artır ki, bu da qiymət artımına təsir göstərir". İqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, hazırda ölkədə kartof, soğan, eləcə də bir sıra meyvə və tərəvəzlərin bahalaşmasının bir neçə səbəbi var. Onun sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri mövsümlə əlaqədardır. Belə ki, yeni məhsullar hələ tam şəkildə bazara çıxmayıb: “Eyni zamanda, bu dövrdə Azərbaycandan, xüsusilə də kartof və soğan kimi məhsulların ixracı artır ki, bu da qiymət artımına təsir göstərir". Ekspertin fikrincə, bu bahalaşma müvəqqəti və mövsümi xarakter daşıyır. Bir müddət sonra qiymətlər stabilləşəcək. İyun ayına qədər məhsul bolluğu artacağı üçün qiymətlərin aşağı düşməsi gözlənilir: "Bu vəziyyət bir daha göstərir ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi kifayət qədər deyil. Ötən ilin məhsullarını soyuducu anbarlar vasitəsilə yeni mövsümə qədər saxlamaqda çətinliklər yaşanır, çünki ölkədə soyuducu anbarların sayı azdır. Bu kimi infrastruktur problemlər aradan qaldırıldığı təqdirdə, qiymət artımı daha az və nəzarət edilə bilən bir prosesə çevriləcək”. İqtisadçı ekspert Akif Nəsirli deyib ki, soğanın bahalaşması təzə soğanın kütləvi yığımına başlanılmaması ilə əlaqədardır: “Payızda əkilən soğan yazda yığılır, artıq yığımına başlanılmalıdır. Onun saxlanılması da faraş kartof kimi çətindir. Gündəlik istifadə üçün əlverişli deyil, tez xarab olur. Ona görə də becərilən kimi dərhal bazarlara göndərilir və satılır. Yazda əkilən soğanlar isə yayın sonu və payızda becərilir. Həmin soğanlar daxili tələbatı tam ödəyir və ixracata yönəldilir. Xüsusən, dekabr-yanvar aylarında ixracat daha çox artır. Buna görə də ölkədə mart-aprel aylarında soğan qıtlığı yaranır ”. Ekspert getdikcə qiymətlərin ucuzlaşacağını deyir: “Soğan ötən il martın sonu bazara çıxmışdısa, bu il gecikmə var. Qarşıdakı günlərdə soğanın yığımı artacaq və kütləvi şəkildə bazarlara çıxarılacaq. Onda hər ikisinin qiyməti düşəcək”. İqtisadçı hesab edir ki, bahalaşmanın qarşısını almaq üçün xüsusi kvota tətbiq olunmalıdır: “Məsələ burasındadır ki, dövlət bu məsələni müəyyən rıçaqlarla tənzimləməlidir. Məsələn, deyirdik ki, ölkədə yetişdirilən soğan daxili tələbatı tam ödəyir. Amma qış aylarında soğanın bahalaşmasının qarşısı ala bilmirik. Bunun üçün kvota qoydular və götürüb bütün aylara böldülər. Kvotanı iyul, avqust, sentyabr və oktyabr aylarına qoymaq lazım deyil. Bu statistika dövlətin əlindədir. Görür ki, soğan dekabr-yanvar aylarında kütləvi ixrac edilir. Aprel ayınadək ölkə daxilində tələbata kifayət edəcək soğan saxlamaq üçün xüsusi kvota tətbiq etmək lazımdır. Bunun üçün çevik qərarlar lazımdır. Lakin çox təəssüf ki, biz Kənd Təsərrüfatı Nazirliyinin çevik reaksiyasını müşahidə edə bilmirik”. İqtisadçı-ekspert Asif İbrahimov deyir ki, Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır: “Azərbaycan soğanı dünyada özünün yüksək keyfiyyəti ilə seçilir. Bu baxımdan da Gürcüstanda, Ukraynada, Rusiyada, Polşada, Moldovada, Türkmənistanda, Belarusda, Pakistanda, Səudiyyə Ərəbistanında, BƏƏ-də, Qətərdə də istehlakçıların maraq dairəsindədir. Bundan öncəki illərdə bu tərəvəz məhsulu daxili tələbatı tam ödəmədiyi üçün Nazirlər Kabineti tərəfindən ölkədən çıxarılmasına rəsmi qadağa qoyulmuşdu. Rəsmi qadağa olmadığı təqdirdə isə qeyri-rəsmi olaraq laborator analizlərdə uyğunsuzluqlar müəyyənləşdiyi səbəbindən ölkədən çıxarılmasına ara-sıra qadağalar tətbiq edilir. Qiymət statistikasına nəzər yetirsək, keçən ilin bu aylarında soğanın qiymətinin 1 manat 45 qəpiyə qədər qalxdığını görərik. Yəni, ilin bu aylarından həm evlərdə istifadə olunan, həm də müxtəlif restoranlar şəbəkələrinin məhsul spesifikasiyalarının tələblərinə cavab verən soğan bahalaşıb”. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşını almaq üçün saxlanma kameralarının sayının artırılmasına ehtiyac var: "Bəzi məhsulların dövlət tərəfindən alınıb uyğun qiymətə satışa çıxarılması daha məqsədə uyğundur. Aparılan araşdırmalar göstərir ki, fermerlər məhsul istehsalını bir sıra hallarda tam olaraq planlaşdıra bilmirlər. Bu da bəzən məhsulun çox və ya az olmasına gətirib çıxarır". İqtisadçı-eskpert Razi Abbasbəyli qeyd edib ki, kənd təsərrüfatı məhsullarının xüsusilə Bakıda baha qiymətə olmasının bir neçə səbəbi var: “Birinci səbəb monopoliyadır. Bakıda küçə ticarəti, “kolxoz bazarları” anlayışı artıq sıradan çıxıb. Kənd təsərrüfatı məhsulları iri market şəbəkələrində daha çox satılır. Orada isə daha çox xaricdən gətirilən məhsullara üstünlük verilir. Yaxud bir neçə məlum ünvanlardan götürülən məhsullardır. Azərbaycanda soğan istehsal olunsa belə, xarici ölkələrdən nisbətən ucuz qiymətə soğan gətirib iri supermarketlərdə satışa çıxarır və daha çox gəlir əldə edirlər. Bu da nəticə etibarilə yerli məhsulların həm bazara çıxşını çətinləşdirir, həm də onların gələcək üçün əkinə meyillənməsinin qarşısını alır. Başqa bir məqam ondan ibarətdir ki, logistik xərclər bahadır və kəndli məhsulu gətirib Bakıda özü sata bilmir. Bunun üçün heç bir şərait yoxdur. Məcburi şəkildə müəyyən edilmiş qiymətlə topdansatış tədarük məntəqələrinə verib geri qayıtmalıdır. Tədarük məntəqələrində də istənilən qiymət təyin edilir və o qiymət də eyni zamanda supermarketlərdə, bazarda müəyyən edilir. Bütün bunlar həm kənd təsərrüfatı məhsullarının baha olmasına, həm tədarükün ildən-ilə azalmasına gətirib çıxarır. Hesab edirəm ki, bu proses bir neçə ildən sonra daha da sürətlə gedəcək. Çox təəssüf ki, Azərbaycanın potensialının olmasına baxmayaraq, adi kənd təsərrüfatı, meyvə və tərəvəzlərdən belə asılı vəziyyətə düşür”.
    Click here to Read more
    Prev Article
    “Mvorld Tekstil” MMC-nin külli miqdarda vergi borcu var
    Next Article
    DSX yarım milyonluq təkər alır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment